AZ | EN | RU
 
   

 
REGİONLAR DEMOKRATİYA HƏSRƏTİNDƏ

İsmayıl VƏLİYEV

Bu gün Azərbaycanın şəhər və regionlarında  cəmi bir neçə müstəqil mətbuat orqanı mövcuddur. Bunların da nəşri müxtəlif maneələrlə üzləşir. Bu qəzetlərin naşirləri müstəqil region mətbuatının inkişafı üçün əsil fədakarlıq göstərirlər.


Azərbayanda 3000-dən artıq qəzet və jurnal qeydə alınmışdır. Adətən, bunu ölkəmizdə demokratiyanın inkişaf göstəricisi hesab edirlər. Bunlardan nə qədərinin real olaraq nəşr edilməsi məsələsi kadr arxasında qalır. Lakin bu kütləvi informasiya vasitələrinin çox böyük əksəriyyəti  Bakıda nəşr olunur. Regionlarda isə normal, azad mətbuat yoxdur. Görünür, bu məsələ heç kəsi narahat etmir – nə hakimiyyət orqanlarını, nə də demokratları. Bakıda nəşrləri olan bir çox dairələr yerlərdə mətbuatın inkişafında maraqlı deyillər. Təbii ki, onları daha çox öz qəzetlərinin regionlardakı satışı maraqlandırır.
Regionlarda yaşayan milyonlarla insanın həyatı mətbuat səhifələrində demək olar ki, öz əksini tapmır. Ən yaxşı halda paytaxt qəzetlərinin bir səhifəsində informasiya dərc edilir və bu xəbərdə ya daşqından, ya yanğından, ya da qətldən və s. bəhs olunur. Bir şeyi qətiyyətlə demək olar: Ələt stansiyasından o tərəfdə yaşayanların rəyi paytaxtda heç kəsi maraqlandırmır.
Demokratiya prinsiplərinin zəif dərk olunması mətbuatın inkişafı üçün dövlətin kredit formasında maliyyə ayırmasında da özünü biruzə vermişdir. Bu vəsaitlər ən güclü nəşrlərə yönəldilmişdir. (Azərbayjan Jurnalistlər Birliyi kreditlərin rayon mətbuatın ayrılması üçün İqtisadi İnkişaf Nazirliyinə bir neçə dəfə mürajiət etmişdir-red.). Bütün dünyada isə dövlət zəif nəşrlərə kredit ayrırır.
Demokratiyanın əsas vasiətsi kimi mətbuatın inkişafı beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Buna görə də bu istiqamətdə addım-addım müsbət dəyişikliklər baş verir. Regional telekanallara da güclü təzyiqlər olmuş, nəticədə onların bir çoxu öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışdır.
Sovetlərdən qalmış mətbuat orqanlarının yenidən təşkil olunması məsələsi həll edilməmiş qalır. Keçmişdə kommunist partiyasının yerli orqanlarına məxsus qəzetlər mexaniki olaraq  indiki hakimiyyət strukturlarının təsisçiliyinə keçmişlər. Keçmiş dövrlərdən fərqli olaraq  bu qəzetlər büdcədən vəsait almırlar. Əməkdaşlara aylarla maaş verilmir. Qəzetlər təsisçi əsarətindən qurtarmağa cəsarət etmirlər. Əks təqdirdə, onları tutduqları binalardan küçəyə atarlar. Bu qəzetlərin «müstəqil mövzuda» yazmağa ixtiyarları yoxdur. Buna görə də təbii olaraq oxucularda maraq oyada bilmirlər. Belə asılı vəziyyətdə qalan region mətbuatı son illər xeyli zəifləmişdir. Jurnalistikanın səviyyəsi aşağı düşmüşdür.  Bəzi regionlarda yerli icra hakimiyyəti «öz qəzetini» süni şəkildə saxlayır. Əslində isə bu, demokratik cəmiyyətə xas olan mətbuatın  fəaliyyəti ilə bir araya sığmır. Bütün bu qəzetləri hüquqi asılılıqdan dərhal azad etmək lazımdır. Keçmiş rejimin dağılması ilə bütün respublikalar azad olmuşlar. Qəzetlər də azadlıq əldə etməlidirlər. Təsisçilik hüququ bütünlüklə redaksiya kollektivlərinə verilməlidir. İstiqlal bəyannamısi qəbul olunarkən redaksiyalara məxsus bütün əmlak hüququ onlarda saxlanılmalıdır. Ola bilər ki, müstəqil vəziyyətə keçdikdən sonra bir çox qəzetlər yeni inkişaf yoluna qədəm qoysunlar.

Arxiv

01.06.2009
REGİONLAR DEMOKRATİYA HƏSRƏTİNDƏ


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu