AZ | EN | RU
 
   

 
AJB Lənkəranda treninq keçirdi .

Bölgə qəzetləri ilk növbədə özlərinin hüquqi müstəvidə olan problemlərinə diqqət yetirməlidirlər 

X.SƏFƏROĞLU 

Aprelin 7-də Lənkəran Resurs Mərkəzində Açıq Cəmiyyət Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Jurnalistlər Birliyinin cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün növbəti treninqi keçirildi. Treninqdə iştirak edən AJB sədri Elçin Şıxlinski görüşə toplaşanlara treninq barədə məlumat verərək bu tədbirin keçirilməsində məqsədin informasiya mənbələrinin şəffaflığı və cəmiyyətə düzgün informasiya çatdırılması yollarının müzakirəsi olduğunu dedi.

Daha sonra çıxış edən məruzəçi Rauf Mirqədirov diqqəti azad sözün və doğru informasiyanın cəmiyyət həyatında oynadığı rola yönəldərək bildirdi ki, bu sahədə problemlər obyektiv və subyektiv səbəblərlə bağlıdır. Natiq bölgə qəzetlərinin ağır durumda olduğunu deyərək qeyd etdi ki, bu sahədə bir sıra ciddi addımlar atılmalıdır. Onun fikrincə, ölkə mətbuatının iqtidar və müxalifətə bölünməsi əslində müstəqil mətbuatın ortaya çıxmasını ləngidir.

Onun sözlərinə görə, ümumiyyətlə, hökumət qəzetləri ləğv edilməli və bu qəzetlərin icra strukturlarından asılılığı aradan götürülməlidir. Məruzəçinin fikrincə, qəzet nəşrinin biznes sənayesi kimi formalaşdırılması zəruridir.

R.Mirqədirov regional media strukturlarının hələ də sovet dövründən qalmış prinsiplər əsasında, müasir jurnalistikanın tələblərinə cavab verən peşəkar kadr, maddi-texniki resursların çatışmazlığı şəraitində fəaliyyət göstərdiyini deyərək vurğuladı ki, qəzetlərin tirajının aşağı, əməkdaşların məvaciblərinin azlığı, maddi-texniki bazasının zəif, peşəkarlığının aşağı olması regional KİV-in əsas problemlərindəndir.

Regional KİV-in ən böyük problemi isə peşəkar kadrların yoxluğudur. Regional qəzetlərdə və elektron KİV-də çalışan jurnalistlərin peşəkarlığının artırılması, gənc jurnalistlərin müasir jurnalistikanın sirlərinə yiyələnməsi, onların paytaxtda fəaliyyət göstərən media qurumları və QHT-lərlə sıx əlaqələrinin yaranması, bölgələrdə baş verən hadisələrin işıqlandırılması ciddi problemlər kimi qarşıda durur...

Tədbirdə çıxış edən jurnalistlər qaldırılan problemlərlə şərik olduqlarını deyərək bir sıra təkliflərini açıqladılar. Məsələn, "Aşkarlıq" qəzetinin baş redaktoru Hacı Etibar Əhədov prezidentin sərəncamı ilə yaradılmış KİV-ə Dəstək Fondunun region mətbuatının dirçəldilməsi üçün kömək edəcəyinə ümid etdiyini bildirdi. Masallının "Yeni Həyat" qəzetinin baş redaktoru Əyyub Mehdiyev isə gənclərin qəzetlərə işləməyə gəlməməsindən danışdı. Onun sözlərinə görə, gənclərin jurnalistikaya həvəsini stimullaşdırmaq lazımdır. O həmçinin regional mətbəənin yaradılmasının vacibliyini önə çəkdi. Onun sözlərinə görə, bölgə qəzetləri çap olunmaq üçün Bakıya getməyə məcburdurlar, bu isə kifayət qədər vaxt itkisi deməkdir.

Daha sonra təkliflərə münasibətini bildirən AJB sədri Elçin Şıxlinski ilk olaraq hamını maraqlandıran KİV-ə Dəstək Fondunun fəaliyyət mexanizmlərinə toxundu. AJB sədri qeyd etdi ki, fondun maliyyə köməyindən yararlanmaq istəyən qəzetlər ilk növbədə özlərinin hüquqi müstəvidə olan problemlərinə diqqət verməlidirlər.

"İşçilərlə əmək müqaviləsi və Sosial Müdafiə Fonduna ayırmalar ilkin olaraq soruşulacaq" deyən AJB sədrinin sözlərinə görə, regional mətbəənin yaradılması bölgə qəzetlərinin inkişafına təkan verərdi.