AZ | EN | RU
 
   

 
Jurnalistlər Lənkəranda söz azadliğini müzakirə ediblər

 

 

  Azərbaycan Jurnalistlər Birliyinin Lənkəranda fəaliyyət göstərən Media Hüquq Mərkəzi Prezident Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “Cənub regionunda fəaliyyət göstərən jurnalistlərin hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində    “Söz azadlığının tənzimlənməsinin hüquqi məsələləri”mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada Azərbaycan Jurnalistlər Birliyi, yerli QHT-lər, regional media orqanları rəhbərləri, jurnalistlər  və Lənkəran icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin əməkdaşı iştirak edib. 

Media Hüquq Mərkəzinin rəhbəri Xaqani Səfəroğlu bildirb ki, söz azadlığı insanın təbii hüquqlarından biridir. Ölkədə professional jurnalist ənənəsinin yaranması üçün mediada hüquqi tənzimlənməsinin vacibliyini önə çəkən X.İbadov qeyd edib ki, hazırda KİV-də bu sahədə bir sıra problemlər mövcuddur. Hüquqi tənzimlənəmənin əsasında informasiya azadlığının əsas olduğunu deyən Mərkəzin rəhbəri bu istiqamətdə ciddi işlərin görülməsini zəruri olduğunu bildirdi. Onun sözlərinə görə  milli hüquq baxımından ifadə azadlığı ilk dəfə 1995-ci ildə Konstitusiyada təsbit olunub.                         

O qeyd edib ki,  “Azərbaycanda media azadlığının təminatı Azərbaycan Respublikası Konstitusiyasıdır. 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən bu sənədin 50-ci maddəsi məlumat azadlığını və media azadlığını təminat altına alib.

.Beləliklə, medianın funksiyasının önəmli yerini tutan informasiyaları axtarmaq, əldə etmək, ötürmək azadlığı və informasiya hazırlamaq və yaymaq azadlığı Konstitusiya ilə təmin olunub. Bununla yanaşı, “mətbuatda dövlət senzurası qadağandır” – deyilməklə, hər hansı istisna olmadan senzuranın yolverilməzliyi qeyd edilib.

“Konstitusiyanın bu norması kifayət qədər liberal normadır və media azadlığını qoruyan mahiyyətdədir.”-deyə o bildirib.

Azərbaycan Jurnalistlər Birliyinin məsul katibi Şahin Babayev bildirdi ki: Azərbaycanda kütləvi informasiya vasitələrini tənzimləyən qanunvericilik aktlarının sırası geniş olsa da onların icra mexanizmi zəifdir.

Ş. Babayev bildirib ki, demokratik toplumda ictimai idarəçilik aşkar olmalıdir. Fikir azadlığına görə təqibin yolverilməz olduğunu deyən AJB rəsmisi eyni zamanda jurnalistlərdə məsuliyyət hissinin zəruri olduğunu qeyd edib. 

Çıxış edən jurnalistlər, QHT nümayəndələri də məsuliyyətli jurnalistikanın formalaşması üçün hüquqi tənzimləmənin vacibliyini vurğulayiblar. 

Tədbirdə “reket jurnalistikası” anlayışının jurnalistikaya zərər vurduğunu deyən KİV nümayəndələri mediada “əcinnə ovu”nun dayandırılmasını və problemin hüquqi müstəvidə həll edilməsini vurğulayıblar .  Mətbuat nümayəndələri bildiriblər ki, söz azadlığı üçün sərhəd müəyyən edilməsi məqbul deyil. Vacib olan dürüst məlumatların KİV tərəfindən yayılmasıdır. Tədbirdə həmçinin vurğulanıb ki, peşəkar KİV-in yaranması üçün başlıca şərtlərdən biri jurnalist hazırlığının və mədəniyyətinin formalaşmasıdır. Bundan başqa qəzet və oxucu probleminin açarının peşəkarlıqdan keçdiyi qeyd olunub.